Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 


ELDAR BAXIŞ

Ağayev Eldar Baxış oğlu (Eldar Baxış) - şair, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Eldar Baxış 1947-ci il iyunun 22-də Diləli Müskanlı kəndində kəndli ailəsində doğulmuşdur. Burada ibtidai məktəbi, Qubadlıda isə onbirillik məktəbi bitirib ADU-nun tarix fakültəsində təhsil almışdır (1965-1969).
Bakı kəndlərində müəllimlik etmiş, öz ərizəsi ilə bir il əsgəri xidmətdə olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor (1972-1988), televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru (1988-1990) vəzifələrində çalışmışdır. "Səs" və "Nəfəs" qəzetlərini yaratmış, "Səs" qəzetinin baş redaktoru olmuşdur (1990-1992). Yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik yaradıcılıq birliyinin ictimai-siyasi şöbəsinin müdiri işləmişdir (1992-1993). Radionun bilgi və uşaq dünyası verilişləri Baş redaksiyasının baş redaktoru olmuşdur (1993-cü ildən). "Köynək" adlı ilk şeiri 1966-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Vladivostokda keçirilən Umumittifaq poeziya festivalında iştirak etmişdir (1985). Qardaş xalqlar ədəbiyyatından seçmə nümunələri Azərbaycan dilinə çevirmişdir. Kukla teatrı onun "Məlikməhəmməd" pyesini səhnələşdirmişdir (1982). Bu pyes Mərdəkan xalq teatrı aktyorlarının ifasında Praqada tamaşaya qoyulmuşdur. Eyni zamanda xalq teatrlarına Tbilisidə keçirilən Ümumittifaq baxışında yüksək mükafata layiq görülmüşdür. "Azərbaycan" jurnalında çap etdirdiyi "Qaravun dərənin dükançası" (1981) onun ilk nəsr əsəridir. "Uzun Həsən" pyesi Şuşa Dövlət Teatrında tamaşaya hazırlansa da erməni təcavüzü üzündən oynanılmamışdır. Özbəkistanın ürək dostları klubunun fəxri üzvü seçilmişdir (1992).
1996-cı il mayın 22-də Bakıda vəfat etmişdir. Burada Xırdalan qəbristanlığında dəfn olunmuşdur.
 Əsərləri
1. İydə çiçəyi. Bakı: Gənclik, 1977, 34 səh.
2. Üçtəpə bayatıları. Bakı: Gənclik, 1979,72 səh.
3. Allı qız, ballı qız, xallı qız. Bakı: Gənclik, 1983, 80 səh.
4. Ağ saçların işığı. Bakı: Yazıçı, 1985, 88 səh.
5. Qara ilə Qaracanın nağılı. Bakı: Gənclik, 1986, 96 səh.
6. Deyə bilmədiyim sözlər. Bakı: Yazıçı, 1988, 80 səh.
7. Atlı oğlanlar. Bakı: Gənclik, 1990, 160 səh.
8. Ölüsü ilə ərəbcə, dirisi ilə rusca. Bakı: Yazıçı, 1994, 128 səh.

Tərcümələri
1. Puşkin A.S. Çiçək, Arzu, Morfeyə (şerlər). "Bakı", 1987, 6 fevral, s.4.
2. Rojdestvenski R. Gözləmə zalı (şerlər). "Azərbaycan gəncləri", 1972, 14 sentyabr, s.3.
3. Şukşin V. Xoruzun üçüncü banlaması (povest). "Azərbaycan", 1979, N 9, s.55-98.


Filmoqrafiya
1. Humayın Yuxusu (1985)
2. Ürək Yaman Şeydir... (????)
Haqqında olan ədəbiyyat
1. S.Alışarlı. Yaşılım, yaşılım, hara gedirsən? (E.Baxışın ölümü münasibətilə). "Azadlıq" qəzeti, 1996, 30 may, s.2.
2. H.Kürdoğlu. Ağacların çiçək açır (Bu gün mərhum şairimiz Eldar
Baxışın xatirə günü keçirilir). "Ədəbiyyat qəzeti", 1997, 16 may, s.8.
3. N.Əhmədli. Şair Eldar Baxışın xatirəsinə (şer), "Yeni Azərbaycan" qəzeti, 2002, 3 may, s.12.
4. X.Natil. Eldar Baxışa. Özümə. Adımı içimdə çəkirəm və s. (şerlər). "Azərbaycan" jurnalı, 1997, N 5-6, s. 117-120.
6. Təbrik edirik (Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə E.Baxışın "Araz" ali ədəbi mükafata layiq görülməsi haqqında məlumat). Azərbaycan, 1995, 27 may, s.4.
7. A.Türkoğlu. Eldar Baxış işığına yığışdığımız may gecəsindən fraqmentlər... ("Natəvan" klubunda keçirilən şairin xatirə gecəsi haqqında). "Azadlıq" qəzeti, 1997, 20

...

"Anam deyir ki,
Allah hamının
Allahıdır -
yaxşının, pisin,
əyrinin, düzün,
namərdin, mərdin
: Allah hamının Allahıdı -
Ancaq mən hamının Şairi ola bilmirəm, Ana -

...

Ömrə yağıtək yaxın,
Sözə arıtək yaxın
Dərdə Tanrıtək yaxın
Dərdlərə qarışanıdı.

Qaldı göylərdə şəkli,
Ağacdı - Tarixə əkili
Tanrı ətəyinə bükülü,
Uzaqdan işaranıdı.

...

... Sonra nə oldusa, yadıma gəlmir, -
Onu bilirəm ki, qanım qaynadı
Ürəyim atlandı, ruhum oynadı,
Sonra nə oldusa yadıma gəlmir.

Tez durdum, geyindim,
çıxdım küçəyə -
Küçə sizə sarı çəkirdi məni.
Ülduz sizə sarı, ay sizə sarı,
Gecə sizə sarı çəkirdi məni.

Gecədən,
ulduzdan,
aydan da betər,
Ürək siz tərəfə çəkirdi məni,
Fələyə nə deyim, tutub qolumdan
Fələk sizə tərəf çəkirdi məni.

Küçənin, gecənin, ulduzun, ayın,
Ürəyin sözündən çıxa bilmədim,
Tanrının sözündən çıxa bilmədim,
Fələyin sözündən çıxa bilmədim.

Alnıma toxundum, gördüm tərləyib,
Dodağıma baxdım, uçuqdu, gördüm.
Bütün darvazalar gördüm bağlıdır,
Sizin darvazanız açıqdı gördüm.

Keçdim darvazadan, girdim həyətə,
Arzu, istək məni yaxalamışdı
Ulduz oyaq idi, ay oyaq idi,
Tanrı oyaq idi göyün üzündə
Qapınızın zəngi yuxulamışdı.

Qapını oyatdım,
zəngi oyatdım,
oyatdım yuxudan zəngin səsini.
Daha düşünmədim,
fikirləşmədim
İşin avandını, işin tərsini.

İş belə oldu ki, zəngin harayı
Yuxudan yarımçıq qaldırdı səni
Durna qatarında uçub gedirdin
Durna qatarından saldırdı səni.

Sən oyanan kimi, sən duran kimi
Əllərin oyanıb qalxdı yuxudan,
Yastığın üstündə sərili qalan
Tellərin oyanıb qalxdı yuxudan.

Çiyinlər oyandı, pambıq çiyinlər,
Addımlar oyandı, kövrək addımlar...
Nə gözəl olurmuş,
Allah, yuxudan
Yarımçıq duranda qızlar, qadınlar.

Həmişəki kimi, 'eşş' eləmədin,
Bir sözü çevirib beş eləmədin
Sağını, solunu eşələmədin,-
Yüyürdün qapıya, gəldin qapıya.
Uzandı işığa süd barmaqların,
Evin süd işığı alışdı, yandı...
...Sonra nə oldusa yadıma gəlmir,
Sonra vaxt dayandı, zaman dayandı.

Sonra söndü evin süd işıqları,
Elə bil əridi, çürüdü getdi,
Ulduzun yanına, ayın yanına,
Tanrının yanına yeridi getdi.

O süd işığından nə qaldı bizə
ağ yastıq,
ağ döşək,
ağ yorğan üzü.
Sənin baxışının odu-alovu
Mənim baxışımın çınqısı-közü

Od oda qarışdı, alov alova
Köz közə qarışdı,
çınqı çınqıya,
Əl ələ qarışdı, barmaq barmağa,
Dil dilə qarışdı, yanğı yanğıya.

Sən mənə dedin ki, lap elə-belə,
Mən sənə dedim ki, lap elə-belə,
Bu mənim telimdi, bu sənin telin,
Axtara bilirsən, tapa bilirsən,
Axtar elə-belə, tap elə-belə.

Gecə çırpınırdı, gecə əsirdi,
Gecə titrəyirdi, nə titrəyirdi!..
Sinəmiz gecəni, bu xoş gecəni
Bir daş ütü kimi ütüləyirdi.

Gecənin sümüyü sürmə olmuşdu,
Dişinə dəyirdi dişi gecənin
Bütün qitələri
bölüşdürmüşdük,
Biri bizim idi, beşi gecənin...

... Sonra nə oldusa yadıma gəlmir,
Onu bilirəm ki, səhər açıldı,
Onu bilirəm ki, əlim səyridi...
Açıq pəncərədən baxdım səmaya,
Tanrı göydən baxıb gülümsəyirdi.

VAXT

Bir də baxırsan ki, göyün üzündə
ayın yarısı var, yarısı yoxdu:
: Kəndimizə getdim, qocalar gördüm,
kişisi yaşayır, qapısı yoxdu, -
bu vaxtdan nə desən gözləmək olar.

Uşaqlar gördüm ki, indi hamısı
olub ev yiyəsi, eşik yiyəsi.
İkəmmi,
üçəmmi, deyə bilmərəm,
doğub Həsigilin qaşqa düyəsi, -
bu vaxtdan nə desən gözləmək olar.

Həsinin özü də gördüm ki, elə
Gəlib üç-dörd uşaq atası olub.
Ətə-qana dolub bizim Süleyman,
ortası bir palıd ortası olub, -
bu vaxtdan nə desən gözləmək olar.

Bu vaxtdan nə desən gözləmək olar,
dünyanın çarxını döndərə bilər,
İstəsə cənnətin mələklərini
yığıb cəhənnəmə
göndərə bilər.

VƏTƏN

Pişik istədiyindən
yeyir balasını,
mən də səni yeyirəm
istədiyimdən
təndirindən çıxan çörəyi yeyirəm,
ağacın gətirən barı yeyirəm,
pətəyindən süzülən balı
yeyirəm,
yemişəm,
yeyəcəyəm,
axırda səndən
bir qarış yer,
bir ovuc torpaq istəyəcəyəm, -
canımla,
ətimlə,
qanımla
təndirindən çıxan çörəyin,
ağacın gətirən barın,
pətəyindən süzülən balın
yerini verməkdən yana.

Vətən,
uşaq anasını,
yetim göz yaşını,
kasıb balasını
nə qədər istəyirsə,
mən də səni o qədər istəyirəm!..

Son söz

Gedirəm, dostlar,
Gedirəm, Anar,
Gedirəm, gözümün işığı,
evimin böyüyü,
evimin uşağı.

Balığı yaradan
Suyu da yaradıb -
balığı suya bağışlayın.

Arını yaradan
çiçəyi də yaradıb -
arını çiçəyə bağışlayın.

İnsanı yaradan
torpağı da yaradıb -
insanı torpağa bağışlayın,
sonrası ilə işiniz olmasın:
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!