Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 

Şerləri

"...Gəlmişəm...","Anam gildədir","İsmət","Millət geri qalıb deyir","Olsa","Bu gün Səni gördüm","Əhdin mübarək","Səni sevən qadın","Bir az","Türk gözəli""

"..Mahnılar"

"Olmaz-olmaz deyirsən",Eşqimin növrağı","Qonşu olmaq istəmirəm səninlə".

"...Gəlmişəm..."

Səndən ayrılanda, dağlar, cavandım,
İndi görüşünə qoca gəlmişəm.
Qayğılar üstümə düşdü - talandım,
Üzümə üz tutub borca gəlmişəm.

Diləyim çoxsa da, gəl əsirgəmə,
Nə arzu eləsəm, yoxumdur demə.
Qaytar sən bu dəmdən məni o dəmə,
Düşmüşəm yamanca suça, gəlmişəm.

Mehribandır obaların, ellərin,
Şəfalıdır çiçəklərin, güllərin,
Məlhəm olsun deyə sərin yellərin
Sinəmi mən aça-aça gəlmişəm.

Xatirəmin güllərini üzməyə,
Cığır örtən otlarını əzməyə,
Haraylayıb gəncliyimi gəzməyə,
Yollarını quca-quca gəlmişəm.

Zəri alçı duran bəxtə-naxışa,
Möhkəmcə yaddaşa, möhkəmcə huşa,
Cagbacağ dişlərə - üyüdən daşa,
Yapdığım küt gedir, saca gəlmişəm.

Baxışda tüğyana gələn dənizə,
Qırışsız alına, gözlüksüz gözə,
Çəliksiz əllərə, əsməyən dizə,
Bükülməyən qola-qıça gəlmişəm.

Yanaqda közərən laləyə, gülə,
İlanı yuvadan çıxaran dilə,
Dayı dedirtməyən qapqara telə,
Hələ dən düşməyən saça gəlmişəm.

Damaqdan getməyən dada-ləzzətə,
Qızlar bəyəndiyi boya-qamətə,
İti, şux yerişə, taba-taqətə
Möhtac qalıb, uça-uça gəlmişəm.

Tövşümək bilməyən odlu nəfəsə:
Durnanı havada saxlayan səsə,
Tükənməz nəş'əyə, bitməz həvəsə,
Hünərə, qüdrətə, taca gəlmişəm.

Ömrün zinətini illər alıbdır,
Mahir oğru kimi bir-bir çalıbdır.
Bircə sən verdiyin vüqar qalıbdır,
Hüzuruna başı uca gəlmişəm!

Anamgildədir

Şirinli-acılı ömür keçmişəm,
Yaxşını, yamanı görüb seçmişəm,
Evli-eşikliyəm, var işim-peşəm:
Uşaqlıq həsrəti anamgildədir.

Ürək ağrısına hey dözə-dözə
Duranda nadanla bə'zən üz-üzə
Bir səs eşidirəm: 'Oğul, gəl bizə:'
Dizimin taqəti anamgildədir.

Neçə anaya da anam anadır,
'Aləm bir yanadır, o bir yanadır'.
O açan süfrədə şor da bal dadır,
Ağzımın ləzzəti anamgildədir.

Gəlinin, yeznənin bilir yerini,
Çəkir qardaş-bacı dərdi-sərini.
Ərköyün böyüdür nəvələrini,
Hər kəsin qisməti anamgildədir.

Qızına bilmirik oduna qazın:
Havası isinmir otağımızın.
Indi duyuram ki, ocağımızın
Közü-hərarəti anamgildədir.

Ömrün qar fəslidir, ağarıb saçım,
Məni ata bilir qardaşım, bacım,
Çətində mən kimin yanına qaçım -
Ata şan-şövkəti anamgildədir.

... ISMƏT...

Ismət - qız üzünün zövqü, bəzəyi,
Gəlinin müqəddəs çarpan ürəyi,

Səmimi insana səmimi xitab,
Layiqli suala layiqli cavab.

Geyimlər, yerişlər, sözlər ədəbli,
Baxışlar ədəbli, gözlər ədəbli.

Kirpiyin yanağa düşən gölgəsi,
Duru göz yaşıyla yuyulan sima,

Buluda bürünən Ayın haləsi,
Incə bir meh ilə açılan səma.

Asta zümzüməli - sevdalı bulaq,
'Sevirəm' sözüylə səyriyə dodaq.

Gəlinin təmkinli, ciddi baxışı,
Qızın atmacaya çatılan qaşı.

Möhtəris gözlərə sədd çəkən divar,
Qadının hüsnündə solmayan bahar:

Ismət - düz ilqardır, ismət - saf dilək
Ismət - təzə eşqin qəndi-nabatı.

Ismət - nənələrin qədim sovqatı,
Əziz saxlayasan sovqatı gərək!

... 'MİLLƏT GERİ QALIB:' DEYİR...

Hey əyilir sola, sağa,
Döyür nala, döyür mıxa.
Yuvasından çıxan bağa
Çanağını bəyənməyir -
'Avropali' mahir yaltaq
Yırğalanır lovğa-lovğa:
'Millət geri qalıb' deyir.

Nə şanı var, nə də şəsti,
Sayılmaqdır dərdi-qəsdi.
Fikrən 'azaddı', 'sərbəstdi' -
Hər nə oldu, çərənləyir,
'Mən də varam' ədasiylə
Yamsılayır modernisti,
'Millət geri qalıb' deyir.

Mehvərindən qopa-qopa
Yatmır ipə, yatmır sapa.
Bilmir harda ülfət tapa,
Ar çeynəyib, qeyrət yeyir, -
Keşiş kimi saç buraxıb
Əcdadını tutur topa,
'Millət geri qalıb' deyir.

Şit zövqülü qız donutək
Qəlbi rəng-rəng, şərfi rəng-rəng,
Köynəyi də alabəzək,
Şalvarını daram geyir.
Dodaq büzüb ətrafına
Qaş-gözünü süzdürərək
'Millət geri qalıb' deyir.

Qanmır xeyri, qanmır şəri,
Əl tutmağa yox şakəri.
Dost da bilməz bir nəfəri.
Aşağıya meyl etməyir,
Yuxarıda yoxdur yeri.
Mızıldanıb öz-özünə
'Millət geri qalıb' deyir.

Fikri nimdaş, özü cavan,
Nitqi duzsuz, sözü yavan,
Əyyaşlıqla vaxtı sovan:
Quraşdırır şeir-meir.
Oxucunu kəme'tina,
Xalqı susmuş görən zaman
'Millət geri qalıb' deyir.

Şəxsiyyətsiz şəxsiyyətdir,
Guya çılğın, guya sərtdir,
Hər əməli qəbahətdir.
Dar məqamda gülümsəyir:
Güzəşt etsən, bağışlasan,
Könlün alsan: kəmfürsətdir -
'Millət geri qalıb' deyir.

Səsləyirsən, gəlmir yola,
Meyə meyl sala-sala
Hər gün bir az gedir dala.
Yenilikdən nitq eləyir
(Eşitməyən, xoş halına!)
Özü avam ola-ola
'Millət geri qalıb' deyir.

... 'OLSA"...

Nəğməkarın nə günahı, tarçı neyləsin,
Muğam kimi mö'cüzəyə qulaq kar olsa?
Tanıyarmı qapısını elçi bir kəsin
Yaraşıqlı, gözəl-göyçək qız biar olsa?

Bulud göydə qaynaşanda yaz çağı hərdən,
Köhlən üstə qürrələnmə, yapış yəhərdən.
Yırğalanan ağaclar da düşər bəhərdən
Çiçək vaxtı çovğun qopub qəfil qar olsa.

Papaq altda kişilər var - bir el yiyəsi,
Məqam gəlsə, od püskürər ağır nəfəsi.
Sönüb gedər pəhləvanın gücü-həvəsi
Nə'rəsinə, cövlanına meydan dar olsa.

Qayalar da tablamayır coşanda dəniz,
'Piratlar'sa yoxa çıxır səssiz-səmirsiz.
Dalğaları tamam şəffaf görəsiyik biz,
Ömür azca vəfa etsə, tale yar olsa.

"BU GÜN SƏNİ GÖRDÜM"

Bu gün səni gördüm: kaş görməyəydim,
Duydum ki, nə böyük günahım olmuş.
Nahaqdan incidib qəlbinə dəydim,
O qəlb ki, bir zaman pənahım olmuş.

Bu gün səni gördüm... yenə təzə-tər,
Elə bil zərrəcə dəyişməmisən.
Baxış o baxışldır, gözlər o gözlər,
Duydum o əllərin istisini mən.

Bu gün səni gördüm... durduq yanaşı,
Sevindim - tapmışam mən öz sonamı.
Yox, o başqa gölə verir yaraşıq,
Uçuq yuvasına bir də qonarmı?!

Bu gün səni gördüm... gözüm önündə
Gəlib ötən günlər bir-bir dayandı.
Mən yada salıram, xatırlda sən də,
Dəniz kənarında içilən andı!

Bu gün səni gördüm... o gülüşlərin,
Küsüb barışmağın düşdü yadıma.
Yenə də gülürsən sən şirin-şirin,
Mənsə kədərliyəm, çat imdadıma.

Yox, çata bilməzsən, əlin çatarmı -
Kəsmiş aralığı dağlar, dərələr.
Daha indən belə mə'nası varmı -
Gecikmiş sevdaya baxanlar gülər.

Bu gün səni gördüm... dərdlim yüz oldu,
Od qoydu sinəmə əzəl sözlərin.
İlk eşqin qönçəsi gör necə soldu:
Riqqətdən yaşarmış gülən gözlərin.

Bilirəm, bilirəm çox gileyin var,
Yaxşı duymamışam o zaman səni.
Qəlbən sevinərdi dostlar, tanışlar
Səninlə mehriban görəndə məni.

O vaxt aramıza girənlər oldu,
Ayıra bilmədim düzü əyridən.
Heyif, ayrılığa qədəm qoyuldu,
Bütün günahlara bais mənəm, mən.

Gətirib qaytardın məktublarımı,
Gülümsər şəklini verdim özünə.
Apardı xəzrimi, de, gilavarmı? -
Neysan yağışları düşdü izinə.

Ayrılıdıq: qəzəbdə coşan dalğalar
Çağırıb bir daha sınadı bizi.
Əhdə şahid olan o təzə çinar
Yelləyib başını qınadı bizi.

Hərəmiz bir səmtə üz tutub getdik,
Arzular necə də tez oldu hədər.
Fəqət qəlbimizdə biz söhbət etdik,
Gecəni yatmadıq səhərə qədər.

Sənin bizdə qalan mürəkkəbqabın
Dəydi qələmimə qələm ağladı.
Əmanət verdiyin dəftər-kitabın
Elə bil mənimlə küsü saxladı.

Çəkindim hər şeydən: əllərin dəyən
Bir şeyə əlimi vura bilmədim.
Gəl ötən günləri xatırla deyən
Çinarın yanında dura bilmədim

Bu gün səni gördüm: o vüqarınla,
O saf ürəyində əlimi sıxdın.
Zaman imtahandır - düz ilqarınla
Hər sorğu-sualdan sən haqlı çıxdın.

Bu gün səni gördüm: kaş görməyəydim.
Dedim tanımaram qarşıma çıxsan.
Durmusan önümdə.
Kim inanar, kim
Ah, necə yaxınsan: necə uzaqsan:

""...ƏHDİN MÜBARƏK..."

'Əhd eləmişəm, vətənə qayıdanda
torpağı öpəcəyəm' (Fəxrəddinin qürbətdən yazdığı məktubundan).

Qayğısız gənc idin, düşdün qürbətə,
Ömrünün bir ili zillətdə keçdi.
Dözümsüz iradən dözdü möhnətə,
Bəd yolu, düz yolu aradı, seçdi.

Gəzdin, yad zirvəyə quşun qonmadı.
Süfrəndə bal varkən acı qum yedin,
Bəsləyib qəlbində bir şirin andı -
'Vətən torpağını öpəcəm:' dedin.

Atayam, ucaltdı bu əhdin məni,
Beləcə görməkdi diləyim səni:
Vaxt çatıb: həsrəti budayaq deyə
Yenə bildirkitək baxıram göyə.

Buludda bir nöqtə quşa çevrilir,
Doğma yuvasına qonmağa gəlir.
O sənsən, əzizim, tez ol, en görək,
Qədəmin mübarək, əhdin mübarək!

"SƏNİ SEVƏN QADIN"

Səni sevən qadın, sən sevən qadın
Bütün qadınlardan səni qısqanır.
Elə zənn edir ki, çəkilcək adın
Şəhərin qızları od tutub yanır;

Elə zənn edir ki, sahilə çıxan,
Balkonda dayanıb küçəyə baxan
Gəlinlər dəlidir sənin dərdindən;
Mavi ekrandakı qadın xanəndə
Oxuyub, rəqs edib hərdən güləndə
Ürəyindən keçən sən olmusan, sən:

Sonra da söyləyir: 'Fikir vermişəm,
Özün də deyilsən az aşın duzu.
Bir qadın üzünə irişsə, o dəm
Olursan önündə aciz bir quzu.
Səni bu halətdə çox görmüşəm, çox,
Özümü asmaqdan başqa çarəm yox:'

Pozulur büstbütün halı-övqatı,
İndi gəl həll elə bu müşkülatı.

Deyirsən: 'ay balam, bu mənim yaşım,
Bu mənim tükləri seyrələn başım,
Mən kimə gərəyəm, kim mənə gərək,
Sən canın, bir toxta, sakit ol, görək:'

Hıçqırıb-hıçqırıb susur: nəhayət,
Boynuna sarılır gözündə şəfqət.
Sonra məzlum-məzlum üzünə baxır:
Keçir illər, aylar, günlər beləcə -
Gah dolu yağdırıb, şimşək tək çaxır,
Sözü sapa düzür, gah incə-incə.

Onunla ömr edən dözümlü fildir,
Onsuz yaşamaqsa: mümkün deyildir!

"BİR AZ"

Bir az qanan,
Bir az nadan.

Bir az yeni, bir az qalıq,
Bir az ətdir, bir az balıq.

Tərəfidir bir az haqqın,
Bir az sadiq, bir az satqın.

Bir az sadə,
Bir az gədə.

Bir az qəliz, bir az fağır,
Salar yersiz çığır-bağır.

Bir az ovçu,
Bir az gopçu.

Söz-söhbəti bir az nağıl,
Bir az küləş, bir az paxıl.

Bir az qızğın, bir az sönük.
Bir az məhrəm, bir az dönük,

Bilməz xeyli, bilməz şəri,
Bir az düzdür, bir az əyri.

Üz vursalar bir az hərgah
Güc də gələr ona tamah,
'Sovqat' alar ayın-oyun:
Bir az yağ-bal, bir az qoyun:

Dəyyuslarla bir az ortaq,
Bir az lovğa, bir az yaltaq.

Baxışları bir az sözlü,
Bir az, bir az: ikiüzlü.

Xasiyyətdən ala-babat -
Bir az kişi, bir az arvad:

Bu nişanda dost itirdim,
Yoxa çıxdı bütün dərdim

TÜRK GÖZƏLİ

Mərmərəni seyr elədik ada-ada,
Gözəllikdən gözəlliyə çata-çata,
Ada demə, altı bacı - su pərisi,
Gülab səpdi arxamızca hər birisi.
Böyük ada, Yaşıl ada güldü gözə.
Heyran qaldıq uçrumlara, şamlıqlara,
Heyran qaldıq: dəniz hara, bulaq hara?

Xınalıda bir qız çıxdı gəmimizə.
Elə bil ki, süzülmüşdü o mahnıdan:
'Aman allah, gözlərə bax, gözlərə bax:'
Pəri idi, kim deyərdi bəni-insan.
Üzüb gəlmiş mavilikdən ayrılaraq.
Yox, tanışdı, doğma idi, qəşəng idi,
Salam verib yanımızda yer istədi.
Geyinmişdi yeni dəblə - donu dizdən.
Çantasyıla gizlətsə də bunu bizdən.
Danışdıqca incə-incə, şirin-şirin,
Hiss elədik qəlbi safmış, fikri dərin.

Gətirmişdi saçında çöl çiçəyini,
Baxışında dərələrin yuxusunu,
Yanağında zanbaqların ləçəyini,
Üst-başında zeytun, ardıc qoxusunu.
Gözlərində ləpələrin mor rəngini,
Gülüşündə Sakaryanın ahəngini.
Təbiətdən yoğrulmuşdu təbiəti.
Tapındığı - öz torpağı, öz milləti.

Mərd davransan niyyətini o, bilərək
Hörmət qoyar, yüz kişidən seçər səni.
Maral gözü şir gözünə çevrilərək
Baxışının qılıncıyla bicər səni
Tamah salıb sərxoş-sərxoş baxsan ona.
Qəzəbindən dönər çılğın bir aslana,
Atılar da üzərinə dəli-dəli
O mehriban, o füsunkar türk gözəli.

"MAHNILAR"

"'OLMAZ, OLMAZ!' DEYİRSƏN
(mahnı - musiqisi Zöhrab Abdullayevin)

Sahil sakit: çəkilibdir ayaqlar,
Coşan dalğa qayaları qucaqlar.
Deyəndə ki, gəl qayıqla üzək, yar,
Çatıb qara qaşlarını nədən sən:
- Olmaz, olmaz! - deyirsən.

Ay ucalır: gecə olur tən yarı,
Əynin nazik, əsir dəniz rüzgarı,
Üşüyürsən, bir yaxına gəl barı,
Qəzəbdənmi alovdan don geyirsən:
- Olmaz, olmaz! - deyirsən.

Sübh şəfəqə boyayanda aləmi,
Töküləndə çiçəklərin şəbnəmi,
Deyəndə ki, çatdı ayrılıq dəmi,
Buraxmayıb əllərimi nədən sən:
- Olmaz, olmaz! - deyirsən.

EŞQİMİN NÖVRAĞI
(mahnı - musiqisi Hacıbaba Hüseynovun)

Könlüm düşdü diyar-diyar
Bir kəkliyin sorağına,
Ha yalvardım, o qonmadı
Məhəbbətin budağına.

Meyl etmədim bir gözələ,
Sədaqətim düşdü dilə.
Mən and içdim ildən-ilə
İlk eşqimin növrağına.

Bir gün yenə onu gördüm,
Dilə gəldi həmin dərdim.
Bir dəstə gül-çiçək verdim,
O, almadı qucağına.

Əllərimdə gülüm soldu,
Riqqətimdən gözüm doldu.
Sinəm başı hədəf oldu
O dilbərin bu dağına.

Sanma könül sınasıdır,
Kərəm olub yanasıdır.
O, körpəmin anasıdır,
Vurulmuşam bu çağına.

QONŞU OLMAQ İSTƏMİRƏM
(mahnı - musiqisi Telman Hacıyevin)

Axşam: tarla yolu: bir qız, bir oğlan;
Sarmış hər birini yenə həyəcan:
- Firəngiz, ver kətmənini götürüm.
- Sağ ol!
- Səni evinizə ötürüm?
- Bu nə sözdür, qapıbir ki, qonşuyuq?!
- Olarmı bəs qonşu bu qədər soyuq?

Qız düşünüb gedir dərin xəyala,
Cavab gəzir qəlbindəki suala:

Oğlan duyur alovuyla yandığı
Məhəbbəti söyləməyin çağıdır.
Gözlərində eşqi gülən o qızın
Axşam yeli saçlarını dağıdır.

Oğlan isə yığışdırıb özünü,
Söyləyir bir mahnı kimi sözünü:

Oğlan:

Qonşuluğun hər cövrünə dayandıq,
Bir sevindik, arzumuzu bir andıq.
Biz həmişə şad, mehriban dolandıq.
Açıq deyim, daha bu ildən belə
Qonşu olmaq istəmirəm səninlə!

Qız:

Sən çaşdırdın, oğlan, mənim fikrimi,
Ən yaxın bir qohum kimi, dost kimi,
Kənd bilir ki, biz olmuşuq səmimi,
Hardan əsdi indi soyuq bir külək?
Utanma, aç sən bu sirri de görək!

Oğlan:

Oğlan:
Nə zaman ki, baxışımız öpüşür,
Ürəyimə alov düşür, od düşür.
Ömrümüz şən, günlər tez-tez ötüşür.
Bir arzum var, coşub gəlir o dilə:
'Qonşu olmaq istəmirəm səninlə'.

Qız:

Batan günəş bax gör necə saralır,
Axşam düşür, ağ tarlalar qaralır.
Gəl tələsək, vaxtımız da daralır:
Atalardan qalma belə məsəl var:
'Qonşun pisdir, birdəfəlik köç qurtar!'

Oğlan:

Yox başımda köçüb getmək havası,
Məhəbbətsiz varmı ömrün səfası?
Müxtəsəri, budur sözün qısası:
Köç bizə gəl, quraq təzə ailə,
Qonşu olmaq istəmirəm səninlə!
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!