Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 

Yavər Həsən


♥♥♥
Bir şam yandır, gözlərimi görmürəm,
Güzgünün üzünü qara tutubdu.
Fələk bir yanıma dolu yağdırır,
O biri yanımı qara tutubdu.

Dünyada heç kimə yoxdu həsədim,
İstərəm özümə özüm bəs edim.
Necə alışmasın canım-cəsədim? -
Həsrətin könlümü nara tutubdu.

Sənintək güllərin içində tər yox,
Bir vara təşnədi dünyada hər yox.
Tə'nə oxlarından canımda yer yox,
Cismimi-canımı yara tutubdu.

Üzündə Tanrının Nurunu görmüş,
Sənə ulduzların gülünü dərmiş.
Bu divanə Aşiq, bu dəli dərviş
Üzünü Sən adlı yara tutubdu...

♥♥♥
Elə gün varmı ki, qara qələmlə
Ömürdən bir varaq qaralanmasın?
Elə gün varmı ki, bu dəli könlüm
Bir qəfil ox ilə yaralanmasın?

Üstümə nur salmır Göy çıraqları,
Mənə gül bitirmir yurdun dağları.
Elə gün olmur ki, dərdin dağları
Dörd bir tərəfimdə sıralanmasın.

Hicrinlə soyuldum, çıxdım dərimdən,
Göylərə buludlar verdim sərimdən.
Bilmirəm, neyləyim, yeddi yerindən
Ürəyim nar kimi paralanmasın.

Allahım Eşqindi, dinim gözlərin,
Olmasın Aşiqə qənim gözlərin.
Bircə istəyim var, Sənin gözlərin
Mənim gözlərimdən aralanmasın.

♥♥♥
Dərviş könlüm bircə Səni istəyir,
Özgəsinə yoxdu meylim, alagöz.
Göz görəndi, könül sevən, mən Aşiq,
Yazan böylə yazıb, neylim, alagöz?

Eşq olmasa Ay və Günəş sönəsi,
Aləm məzar mənzilinə dönəsi.
Dünya səhra, insanlar qum dənəsi,
Mən Məcnunam, Sənsən Leylim, alagöz.

Sənsiz anlar alovdakı dil kimi,
Gözlərimə dağlar çəkir mil kimi.
Hicrin ilə şamü səhər Nil kimi
Gözlərimdən axır seylim, alagöz.

Qərib durna qatarından təklənib,
Sinəsinə qəm qatarı yüklənib.
Sən gedəndən hicran üstə köklənib,
Dərd üstündə dinir şeirim, alagöz.

♥♥♥
Həsrətindən xəstə düşmüş canıma
Min bir Loğman gələ, çarə yetişməz.
Sənsiz bir dərd məni min darə çəkər,
Sənsiz bircə dərdim darə yetişməz.

Zəhər tuluğunda can verir balım,
Necə hallığından çıxmasın halım?!
Zəmanə zülmkar, insanlar zalım,
Bir kimsə dar gündə karə yetişməz.

Canım çarmıxdadı, cəsədim darda,
Bir nizam qalmayıb bu daş-divarda.
Bayquşa yurd olsun o yer ki, orda
Aşiqin əlləri yarə yetişməz.

Hicrindən bağrıma düşür yarələr,
Olsa, Səndən olar mənə çarələr.
Ömrümə bu qədər çəkmə qarələr,
Ey sənəm, zülfünə qarə yetişməz.

♥♥♥
Bu dərmansız dərdin adı Eşqdir,
Təbib, yaxın gəlmə, oda düşərsən.
Gözdən uzaqlaşıb, nəzərdən qaçıb,
Uzaq bir dənizə ada düşərsən.

Ən uca dağları həsrətlər yıxıb,
Özündən gedərsən, özündən çıxıb...
Gecələr ulduzlu göylərə baxıb,
Fəryada, amana, dada düşərsən.

Sənin üzündədir Günəşin zəri,
Ay üzündən doğur, yoxdu xəbəri.
Sən ey nazikbədən alagöz pəri,
Ömrün hər anında yada düşərsən.

Hicran sualından ağır sual yox,
Elə bir haldayam, halımda hal yox.
Ey canım, ölümdən sənə zaval yox,
Bu nazlı dilbərə fəda düşərsən.

♥♥♥
Yenə buludlara yağış yüklənir,
Kiminsə gözləri sulanmaqdadır.
Hardasa bir büllur bulağın suyu
Bir nankor əliylə bulanmaqdadır.

Həyat da gerçəkdi, ölüm də gerçək,
Şərəfli ölüm var ömürdən göyçək.
Baharın hökmüylə açılan çiçək
Payızın hökmüylə talanmaqdadır.

Adam var sağ yolu əyib, sol gedir,
Hər kəs niyyətinə uyub, yol gedir.
Dünyada xeyirə xeyir meyl edir,
Dünyada şərə şər calanmaqdadır.

Səndən uzaq olsun dünyanın şəri,
Sən qeyri aləmsən, ey nazik pəri!
Mənim ürəyimin pərvanələri
Hüsnünün şəminə dolanmaqdadır.

♥♥♥
Qara köynəyini mənə ver, gecə,
Qəlbimə qaralar geyən çağımdı.
Yağmura düşmüşəm, yağışdan çıxıb,
Başıma dolular döyən çağımdı.

Dağlardan çeşmimə çökübdü duman,
Məni ağuşuna çəkibdi duman.
Yolda bir qaraltı gördüyüm zaman
Ömrümə yar gəlir deyən çağımdı.

Kimdən işıq alim, hərə bir gecə?
Hər bəyaz gündüzüm qara bir gecə.
Qara köynəyini mənə ver, gecə,
Fələk düyünümü düyən çağımdı.

Dilimdə qıfıl var, açılmır dinəm,
Ürəyim Səndədi, boş qalıb sinəm.
Gəl, ey sərv boylu, gül üzlü sənəm,
Həsrətin qəddimi əyən çağımdı.

♥♥♥
Eşqin nə olduğun anlamaz oldum,
Bu dünya başıma dar gəlməyincə.
Dərdimdən bir darı əskilən deyil,
O gözləri şəhla yar gəlməyincə.

Ağlı çiy olanı danlamaq olmur,
Hər kəsə yar deyib yanlamaq olmur.
Eşqin hikmətini anlamaq olmur,
Başa qırov düşüb, qar gəlməyincə.

Vuruşmaq gərəkdi dünya şəriylə,
Hər kəs qiymətlidi öz əsəriylə.
Bağban od götürər kiprikləriylə,
Bağına bir şirin bar gəlməyincə.

Mən biri sevəndən itibdir yüzüm,
Səndən özgələrə kor olub gözüm.
Gül çıxıb qönçədən göstərmir üzün,
Bülbülün dilinə zar gəlməyincə...

♥♥♥
Ömür viranədi, bayquş deyiləm,
Bülbüləm, mən necə ötüm bu yerdə?
Bahar havasından payız qoxuyur,
Necə həvəslənim, bitim bu yerdə?

Cəhənnəmdi yerim, ey qarlı dağlar,
Hara üz döndərim, ey qarlı dağlar?
Mənə duman verin, ey qarlı dağlar,
Bürünüm dumana, itim bu yerdə.

Yaz deyə bilmirəm bu yaza, ey can,
Çıxmır qara günüm bəyaza, ey can!
Arzuya, istəyə, muraza, ey can,
Bilmirəm, mən necə yetim bu yerdə.

Könül bir tərəfdən ocağa düşüb,
O biri tərəfdən sazağa düşüb.
Sənin gül üzündən uzağa düşüb,
Yavər Həsən qalıb yetim bu yerdə.

♥♥♥
Sübhə yol gedirəm zülmət içində
Xudam, bu gecəni mənə yar eylə.
Qoy ulduzlar çıxsın, şəfəqlənsin Ay,
Arzu-muradımı pürnübar eylə.

Bir gözəldi verən mənə ilhamı,
Rəhminə açmışam mən bu yaxamı...
Kim bizə xaindi bu gen cahanı
O kəsin başına Özün dar eylə.

Açılmaz könlümün dili heç kimə,
Vermərəm sevdiyim gülü heç kimə.
Məhəmməd Eşqinə, Əli Eşqinə
Əlimdə qələmi Zülfüqar eylə.

Günəş atəşimdi, buludlar tüstüm,
Heç nəyi bilmirəm Eşqdən üstün.
Bülbülə düşmənin, bayquşa dostun
Ömrünü, gününü dar məzar eylə.

Bir qolum Məhəmməd, bir qolum Əli,
Biri peyğəmbərdi, o biri vəli.
Xudam, hər nəfəsdə daha qüvvəli
Məni sevdiyimə giriftar eylə.
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!