Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 

Yavər Həsən


♥♥♥
Dəpdin nə qədər varsa, ey afət, mənə göndər,
Sən çəkmə onun dəf'inə zəhmət, mənə göndər.

Çoxdur bu cahan içrə, gülüm, zülfü pərişan,
Yox hüsnü mələk hüsnünə nisbət, mənə göndər.

Səndən nə qədər gəlsə bəla, xoşdu mənimçün,
Əğyarı bidar eyləmə, xəlvət mənə göndər.

Zülmün də Sənin istəmərən özgəyə getsin,
Qıyma talan olsun elə sərvət, mənə göndər.

Sən qeyri gözəlsən, buna isbatdı o hüsnün,
Könlümdə Sənə başqadı rəğbət, mənə göndər.

Eşqin mənə Loğmandı, nə miqdar zülüm olsun,
Könlüm bulacaqdır yenə səhhət, mənə göndər.

Yavər Həsənin sözlərinə qarə xalınla
Qoy nöqtəni, bitsin daha söhbət, mənə göndər.

♥♥♥
O gözəllik ki, Sənə Tanrı veribdi, Səndə var, -
Nə qızılgüldə, nə nərgizdə, nə də süsəndə var.

Yağmayıb, yağmayacaq heç Qafın da zirvəsinə,
O bəyaz gül qoxulu qar ki, Sənin sinəndə var.

Yoxdu heç bir adəmdə Ərş üzünün Nur nişanı,
Bircə Səndə, ey sənəm, - Ərş üzündən enəndə var.

O Qəmər üzdə, Günəş simada Allahı görür,
Bəni-Adəm içində Haqqi sevən nə bəndə var.

Hüsnünün heç baharın güllərinə bənzəri yox,
Buna isbat Aşiqdə, - hüsnünə tay gəzəndə var.

Bu qədər nuri-təcəlla bir Səndə, bir də, gülüm,
O qədər çilçırağı asimanə düzəndə var.

Səni bir qızıl qələmlə Xaliqin rəsm eləyib,
Vəsfinin ixtiyarı bircə Yavər Həsəndə var.

♥♥♥
Mən Aşiqi ol gözləri şəhla yada salmır,
Bir gün uçacaq başimə dünya, yada salmır.

Mən bir balığam, dalğalar etmiş məni xaric,
Tapşırmadayam can, məni dərya yada salmır.

Ömr eyləmirəm, gündüzüm olmuş gecə, neynim,
Sanki görürəm bir qara rö'ya, yada salmır.

Başimdə yuva qurmadadı sərsəri quşlar,
Mən Məcnunu ol bivəfa Leyla yada salmır.

Səbrim də daha yar telitək incələnibdir,
Vallah, olacam aşiqi-rüsva, yada salmır.

Ey qadiri-mütləq, Sən özün bir kərəm eylə,
Bir bar verəcəkmi belə sevda? - yada salmır.

Hər bir qəzəlində o yarı, Yavəra, vəsf et,
Qoy gül deməsin, bülbüli-şeyda yada salmır.
♥♥♥
Təbib, dərman etmə mənə, qoy mən asudə can verim,
Kəsmə gözlərim yaşını, qızılgüllərə qan verim.

Biri ziyan görən yerdə xeyir görür bəlkə biri,
Qoy yar məndən xeyir görsün, qoy mən mənə ziyan verim.

Mən şəriət ədəbliyəm, qeyri ədəb istəmirəm,
Qoy hicrinə şirin yarın şirin canı nihan verim.

Hüsni-yardan nişan soran gəlsin məzarım üstünə,
Yerdə gülləri, göylərdə ulduzları nişan verim.

Kəsmə yolu, ey nəfəsim, pərdə-pərdə çıx kənara,
Sərvi-rəvandır ol sənəm, qoy canımı rəvan verim.

Bülbüllərin cəh-cəhini sinəmdə dəftər etmişəm,
Ey Eşqi bilmək istəyən, gəl sənə bir divan verim.

Eşqin cənnət gülşənidi, Yavəra, bu canü tənim,
Min payız, min bir qış ola, yox gümanım xəzan verim.

♥♥♥
Bəndələrdən almışam qəlbimə min yarəni mən,
Allahımdan dilərəm dərdimə hər çarəni mən.

İstərəm heç kimi dərdimdə mənə bənzəməsin,
Görməyim özüm kimi ikinci biçarəni mən.

Bir kiçik hücrədə səssiz və səmirsiz oturub,
Səbr ilə gözləyirəm gizli bir işarəni mən.

Eşqi Qur'ani-şərif, can evini məscid edib,
Ahımın tüstüsündən qurmuşam minarəni mən.

Gündə yüz yol ürəyim hicr ilə yüz parələnir,
Gündə yüz yol yığıram bir cəmə yüz parəni mən.

Üstündə yox qaraltı, yol uzanır kəfən kimi,
Böylə getsə, görmərəm gözlərimdə qarəni mən.

Əllərim Haqqa sarı, Yavəra, Göydə gözlərim,
Ölməyib, gözləyəcəm bəxtimə sitarəni mən.

♥♥♥
Yarəb, kərəm et, dərdimə bir çarə yetişdir,
Mən Aşiqi öz sevdiyi dildarə yetişdir.

Bülbül gül üçün bağrıyanıqdır qəfəs içrə,
Sındır qəfəsi, bülbülü gülzarə yetişdir.

Kim sevdisə, ey Eşq, axırı kamiran oldu,
İnsafdımı, ancaq mənə Sən yarə yetişdir?

Başdan bu hava çıxmaz, ey Eşq, istixarə qıl,
Ya kamiran et, ya başımı darə yetişdir.

Ey gözləri nərgiz gülütək cilvələnən yar,
Mən xəstəni qar sinədə cüt narə yetişdir.

Vəslin ilə şad et məni, ey zülfü pərişan,
Xain rəqibin bağrını şərarə yetişdir.

Eşq arifidi, anlayacaq, ey gözəl afət,
Yavər Həsənə gizli bir işarə yetişdir.

♥♥♥
Mənim cismimdə yoxdur can o yar məndən gedən gündən,
Şikar etmiş anı hicran o yar məndən gedən gündən.

Mənə bir güzgüdür, əmma məni kəc göstərən güzgü,
Mənimlə tərs olub dövran o yar məndən gedən gündən.

Çalır məndən dəmi bir-bir zalım dünya qızılquştək,
Verir min qəm mənə qurban o yar məndən gedən gündən.

Sütunsuz göylərə ahü zarım bir tək sütun olmuş,
Məleykələr buna heyran o yar məndən gedən gündən.

Ayaqdan quş asılmıştək asılmış gözlərim Göydən,
Sökülmür bəxtimə bir dan o yar məndən gedən gündən.

Məni ölmüş bilib aləm, mənə qardan kəfən eylər,
Həyatım bir soyuq zindan o yar məndən gedən gündən.

Görür mən Aşiqin halın, qələmdən ağlayır söz-söz,
Ölür Yavər Həsən an-an o yar məndən gedən gündən.

♥♥♥
Ölürəm, üstümə get, yari-vəfadarı çağır,
Bülbülün son günüdü, dəfninə gülzarı çağır.

Məni bu halda görərsə, daha artıq sevinər,
Yeri, xain rəqibi, Eşqimə əğyarı çağır.

Nə qədər dildə sözüm pərgar edir, qoy danışım,
Dilimi anlamayan var isə, dildarı çağır.

Yar əgər gəlsə mənim üstümə, dur Məscidə get,
Yar üzündə Laməkan var de və dindarı çağır.

Ürəyə işıq düşür göz gözəl üz görən zaman,
Əgər imkan eləsən, yolüstü qəddarı çağır.

Yola salsın məni son mənzilə qoy Aşiq adam,
Ürəyində duyğusu Allaha bidarı çağır.

Gecə keçdi, Yavəra, indi özün dur ayağa,
Hamının hər işini bilən XƏBƏRDARı çağır.

♥♥♥
'Verdilər Söhraba dərmanı öləndən sonra',
Hara qaytarmaq olar canı öləndən sonra?

Sağlığında insanın qiymətini doğru verək,
Saf-çürük etməyək insanı öləndən sonra.

Cahana fərəhdir insan nə qədər vicdanı var,
Cahana yükdür o, vicdanı öləndən sonra.

Sağlığında insanın islah edək nöqsanını,
Qalmasın dünyada nöqsanı öləndən sonra.

Həzz alır zülm eləməkdən mənə nazəndə yarım,
Nedəcək mən kimi qurbanı öləndən sonra?

Yaz yelindən də bağa badi-xəzan qəhri dəyər
Bağın öz sevgili bağbanı öləndən sonra.

İndi Yavər Həsənin ömrünü zindan çürüdür,
Tutacaq şöhrəti dünyanı öləndən sonra.

♥♥♥
Canımın, ey üzü gül, hər nə qədər xanəsi var,
Hər birində hicrinin bir qatar nişanəsi var.

Zülfünün tellərini qoyma küləklər darasın,
O dəli zəncilərin gözlərimdə şanəsi var.

Gözümdə bir telinin qiymətincə yoxdu mənə,
Yer üzündə nə qədər şahların kaşanəsi var.

Mən sevən, Sən sevilən, Eşqdə birdir həqiqət,
Leylinin, Məcnunun ancaq quru əfsanəsi var.

Meyli yoxdur cahanda heç nəyə könlüm quşunun,
O bəyaz üzdə qara xal kimi bir danəsi var.

Əyninə dörd fəsildə dünya gərək gül geyinə,-
Dünyanın Sənin kimi qəmzəli dürdanəsi var.

Səni Yavər Həsən, ey gül, qəzəllə vəsf eləyir
Ki, desinlər cahanın qəzəlxan divanəsi var.

♥♥♥
Göz dəli, didə dəli, didədən baxan dəlidir,
Sən dəli, mən də dəli, bəlkə bu cahan dəlidir?

Toxunma xatirinə, xatirinə gurban olum,
Bu dəli könül məni odlara yaxan dəlidir.

Məni-biçarəni gör, tənəvü tənqid eləmə,
Qəmə qənşər gedir, bu gördüyün yaxam dəlidir.

Məni-divanəyə bax, dastani-Məcnuni unut,
Mən olan yerdə, bala, Məcnun hələ xam dəlidir.

Al qanımdır al şərab, məstü xumardır bədənim,
Saqiyi-bimədədəm, əlimdəki cam dəlidir.

Sənə pərvanə mənəm, ey Günəş, - Sirri-Xuda,
Atəş ilə qorxudur mən dəlini, şam dəlidir.

Tək Sənin Eşqin ilə, ey bəşər əhli mələk,
Dəlidir Yavər Həsən, hər səhər-axşam, - dəlidir.

♥♥♥
Örtmə, yar, gül üzünü, Gün üzünə sayə düşər,
Allahım agah olar, özgə təmənnayə düşər.

Min ilin min qocası bir telini görsə Sənin,
Dönər on beş yaşına, bir yeni sevdayə düşər.

Nə danim, nə gizlədim, Haqqa çıraqdır gül üzün,
Günəşə nur salar, ey gül, dolanar, Ayə düşər.

Gözlərin kiprik ilə Tale yazır Tanrılara,
Qaşların yayı çatılsa, bu cahan vayə düşər.

Sənin əmrindədi Yer-Göy, gözəlim, əmr eləsən,
Dəryalar Ayə çıxar, Ay özü dəryayə düşər.

Gir mənim könlümə, adəmlərə görsənmə, gülüm,
Hərə bir Məcnun olar, el-oba səhrayə düşər.

Yavərəm, sinəmi bir yol qədəmin şad eləsə,
Mənim bir köhnə sözüm yüz təzə mə'nayə düşər.

♥♥♥
Zülfünə meyl eyləyən könlüm kimi divanədir,
Abad olmaq istəmiş, bir bax, necə - viranədir.

Bir dəm Eşqin camını hər kimsə ki, almış ələ,
Olmaz əqli, huşu başda, qəbrədək məstanədir.

Yüklədi çiynimizə çərxi-fələk dərdlərini,
Yenə dar günümüzə həmdəm olan peymanədir.

Qoy səpim göz yaşımı dəryalərə, udsun sədəf,
Aşiqin göz yaşları, Tanrim bilir, dürdanədir.

Candan artıq istərəm cananım göndərən qəmi,
Bunlara qəm demərəm, hər biri bir cananədir.

Sinəm altında ürək şəmdi, yanır həsrət ilə,
Yazdığım şeir deyil, oddan çıxan zəbanədir.

Səndən, ey gül, sorsalar, Yavər Həsən kimdir? - Denən,
Həm yanan, həm yandıran sehrkar bir pərvanədir.

♥♥♥
Bir ocaq çatdım, onu döydü, yağışlar taladı.
Bir gül əkdim, gülümü sovdu da qışlar taladı.

Bir zəmim var idi, hər sünbülü bir çatma hörük,
Çatmadım bir dənə mən, çöldəki quşlar taladı.

Gözümü oxşayaraq çəkdi məni zirvə dağa,
Dizimin qüvvətini qırdı, yoxuşlar taladı.

Bağrımı deşdi mənim kirpi cahan oxlar ilə,
Gözümün qarəsini qırmızı yaşlar taladı.

Ömrümü həsr elədim aləm ilə mən savaşa,
Ömrümün günlərini dava-dalaşlar taladı.

Könlümü sinədə gizlətmiş idim mən, onu da
Könlümün görmədiyi gizli baxışlar taladı.

Gileyim çoxdu mənim, sözlərimə son verirəm,
Yavəra, mən fəqiri böylə 'naxışlar' taladı.

♥♥♥
Həsrətindən gecələr didələrim qanə gəlir,
Hər gecə atəşimə ləşkəri-pərvanə gəlir.

Fələyin qolları sınsın, harada bir ox atır,
O oxun yarəsi bu cismdə bu canə gəlir.

Mən özüm Məcnun olub, səhraları fəth edəli,
Məcnunun macərası könlümə əfsanə gəlir.

Həmişə məsti-cəhanəm, meyi-səhbayə nə hacət?!
Mənə ol məst gözündən dolu peymanə gəlir.

Qovma könlüm quşunu, şanə pərişanə çəkib,
Yavərəm, dərdim üçün hüsnünə dərmanə gəlir.

♥♥♥
Gecələr sübhə kimi həmdəm olan şəmdi mənə,
Şəmin də yaşlı gözü bir dübarə qəmdi mənə.

Zilimi ahim ilə göylərə bülənd elədim,
Dərdə dilmancım olub, karə gələn bəmdi mənə.

Ruzigarım o yarın saçlarının rəngi kimi,
Yar gedəndən bu cahan cümlə cəhənnəmdi mənə.

Cənnəti istəmirəm, yarımı qaytar, Yarəb!
O yarın bir baxışı yüz elə Ədəmdi mənə.

Canımın canıdır ol biqənir aləm gözəli,
Üzü cənnət gülüdür, gözləri Zəmzəmdi mənə.

Ayı, ulduzları, ya ki, Günəşi istəmirəm,
Tanrım, öz yarımı ver, öz yarım aləmdi mənə.

Dərdimi qanım ilə dərdbilənə yazmaq üçün,
Yavəra, gözlərimin kipriyi qələmdi mənə.

♥♥♥
Ağlaram mən, nə qədər gözlərimin qarəsi var,
Bəlkə göz yaşlarının dərdimə bir çarəsi var?..


Könlümü bir bütövə yığmağa cəhd etmə, təbib,
Könlümün mən bilirəm kim, neçə min parəsi var.

Yığılın bir yerə, bir yerdə sayaq dərdimizi,
Bilərik onda, kimin canda dərin yarəsi var.

Könlüm Allah evidir, Eşqə ibadət qılıram,
Bu könül məscidimin tüstüdən minarəsi var.

Ey bahar fəsli, çiçəklərlə cahan mülkünə yaz,
Bilsin aləm ki, onun bir təzə avarəsi var.

Sözümü bir tərəfə yozma mənim, qafil adam,
Mənim hər bir sözümün min yerə işarəsi var.

Bir üzün xalı ilə nöqtələdim fikrimi mən,
Yavər, indi söyləsin, qoy kimin dübarəsi var.
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!