Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 
Yavər Həsən





♥♥♥
Karvanbaşı, qarşı dağa qar düşüb,
Qönçə gülün budağına xar düşüb.
Ürəyimə bir tikansız yar düşüb,
Karvanbaşı, çək karvanı geriyə,
Bəlkə mənim ağlar qəlbim kiriyə.

Karvanbaşı, qarşı yollar diklənir,
Ürəyimə qəm karvanı yüklənir.
Bir sazım var, həsrət üstə köklənir,
Bir yar ola, sinəm üstən yeriyə,
Bəlkə mənim ağlar qəlbim kiriyə.

Karvanbaşı, qarşı dağın buludu
Gözlərimdən nəm götürüb, suludu.
Mən getdiyim bu yol Kərəm yoludu,
Bir haray sal, Əsli dönsün bəriyə,
Bəlkə mənim ağlar qəlbim kiriyə.

Karvanbaşı, qarşı dağın yelləri
Beşik kimi yırğalayır gülləri.
O Ay üzlü yarın qara telləri
Ayrılığın çöhrəsini bürüyə,
Bəlkə mənim ağlar qəlbim kiriyə.

Karvanbaşı, qarşı dağın başında
Ürək kimi nəbzi vurur daşın da.
Bir yar ola, cilvələnə tuşumda,
Gözüm görə, sinəm dönə körüyə,
Bəlkə mənim ağlar qəlbim kiriyə.

Karvanbaşı, səhrada qum kimiyəm,
Gərilmişəm, bir sarı sim kimiyəm.
Heç bilmirəm, mən özüm kim kimiyəm,
Göz yaşımı tökəm, yaxam çürüyə,
Bəlkə mənim ağlar qəlbim kiriyə.

Karvanbaşı, qarşı dağda nidayam,
Bir cisimsiz ruh gözələ fədayam.
Karvanbaşı, mən bir Sirri-Xudayam,
Ruhum şamdı, yana, cismim əriyə,
Bəlkə mənim ağlar qəlbim kiriyə.


Allah, Məhəmməd, ya Əli

Üç arxam var bu dünyada,
Üçünə də canım fəda.
Səhər-axşam sallam yada
Üç sultanı, üç sərvəri,
Allah, Məhəmməd, ya Əli.

Dörd fəsildə çiçək taclı,
Ehtiyacsız ehtiyaclı,
Bir bağım var, üç ağaclı,-
Üçü də şirin meyvəli,
Allah, Məhəmməd, ya Əli.

Taleyimin üç pənahı
Üstümdə qoymaz günahı,-
Biri kainatın şahı,
Biri Rəsul, biri Vəli,
Allah, Məhəmməd, ya Əli.

Keçsəm min bir viranlıqdan,
Keçsəm min bir qaranlıqdan,
Qorxum yoxdu bir anlıq da -
Üç şamım var pərvanəli,
Allah, Məhəmməd, ya Əli.

Üç işığı var gözümün,
Üç qibləsi var üzümün,
Hər kəlməmin, hər sözümün
Həm axırı, həm əvvəli -
Allah, Məhəmməd, ya Əli.

Şeytanmı azdırır məni? -
Nahaq tərs yozdurur məni, -
Üç ocaq qızdırır məni,
Könlüm üç Eşqdən dəli,
Allah, Məhəmməd, ya Əli.

Qəm içində sıxılmaram,
Dərd oduna yaxılmaram,
Qıl körpüdən yıxılmaram,
Üç dayağım var qüvvəli,
Allah, Məhəmməd, ya Əli.

Üç hayı var harayımın,
Qızıl iman sarayımın -
Eşqə zaman sarayımın
Üç tərəfdən var təməli,
Allah, Məhəmməd, ya Əli.

İmansızlar heç ruhludu,
Puç dünyada puç ruhludu.
Mənim canım üç ruhludu,
Mənim könlüm üç xanəli,
Allah, Məhəmməd, ya Əli.

Nə sümük, nə dəriyəm mən,
Üç zərgərin zəriyəm mən,
Üç nəfəsdən diriyəm mən,
Üçdü sözün mükəmməli,
Allah, Məhəmməd, ya Əli.

Əlimdə üç piyaləm var,
Sonu mə'lum əlif, ləm var...
Can evimdə üç aləm var,
Biri min bir kaşanəli,
Allah, Məhəmməd, ya Əli.

Nur içində nur görmüşəm,
Haqq nurunu gur görmüşəm,
Yavər Həsən, bir dərvişəm, -
Əbədiyyət nişanəli,
Allah, Məhəmməd, ya Əli.


Kəlmeyi-Teyyibə

A xanimlar, a bəylər,
Gurultusunda göylər
Bilirsizmi, nə söylər?! -
Lə iləhə illəllah,
Muhamməd Rasulillah!

Yataram, fikr eylərəm,
Duraram, şükr eylərəm,
Həmişə zikr eylərəm -
Lə iləhə illəllah,
Muhamməd Rasulillah!

Soruşdum, qalam nədi?
Zəncirbənd kəlam nədi?
Bulaq qaynayıb dedi: -
Lə iləhə illəllah,
Muhamməd Rasulillah!

Yaşıl libas geydilər,
Xanımdılar, bəydilər,
Ağaclar baş əydilər -
Lə iləhə illəllah,
Muhamməd Rasulillah!

Ürəkdə tel titrədi,
Ağizda dil titrədi,
Yel əsdi, gül titrədi -
Lə iləhə illəllah,
Muhamməd Rasulillah!

Gedir ömür karvanı,
Haqdır onun sarvanı.
De mən dilin qurbanı -
Lə iləhə illəllah,
Muhamməd Rasulillah!

De bir niyyət tutanda,
De arzuya çatanda,
De hər addım atanda -
Lə iləhə illəllah,
Muhamməd Rasulillah!

Bülbül oxur şur ilə,
Bir əcəb qürur ilə,
Günəş deyər nur ilə -
Lə iləhə illəlah,
Muhamməd Rasulillah!

Axşam düşər, Ay gələr,
Sevənlərə pay gələr,
Qeybdən bir hay gələr -
Lə iləhə illəllah,
Muhamməd Rasulillah!

Gör ulduzlar neyləyər, -
Nur gülünü iyləyər,
Kiprik çalıb söyləyər -
Lə iləhə illəlah,
Muhamməd Rasulillah!

Xəstələr şəfasıdı,
Ömürlər səfasıdı,
Gövhərlər bahasıdı
Lə iləhə illəllah,
Muhamməd Rasulillah.

Eşqi cana geyək biz,
Nəfsin ucun düyək biz,
Yavər Həsən, deyək biz -
Lə iləhə illəllah,
Muhamməd Rasulillah!


Dərvişəm

Mən kəpənək geyməsəm də,
Cismdə-canda dərvişəm.
Hər qapını döyməsəm də,
Mən bu cahanda dərvişəm.

Mən qizildan bir dükanam,
Bir məkanda min məkanam,
Gah bişərik Laməkanam,
Gah da ki, bəndə dərvişəm.

Gerçəyə yaz bəlkəmi də,
Nur bürüyüb kölgəmi də,
Batində min bir zəmidə,
Zahirdə dəndə dərvişəm.

O oxdayam, bu yaydayam,
Bilən bilir, nə haydayam...
Gah ulduzda, gah Aydayam,
Gah da ki, Gündə dərvişəm.

Bir yol tutub gedir hərə,
Meyl eləyən çoxdu şərə.
Adam var, ildə bir kərə,
Mən amma gündə dərvişəm.

Pozulmayan bir yazıyam,
Kim gül açsa, - mən yazıyam.
Cismdə bir un tozuyam,
Arzuda kündə dərvişəm.

Uzaqdayam, yaxındayam,
Durumdayam, axındayam,
Onun, sənin ruhundayam,
Sanma ki, gendə dərvişəm.

Fikrim Haqq ilə zərləşib,
Gecələrim səhərləşib,
Birdə-sıfırda birləşib,
Yüzdə və mində dərvişəm.

İçimdədi şah da, qul da,
Üsulum var hər üsulda,
Həm Allahda, həm Rəsulda,
Həm də ki, dində dərvişəm.

Canım dayanıb eşikdə,
Haqqı qoruyur keşikdə.
Gah bətndə, gah beşikdə,
Gah da ki, sində dərvişəm.

Min ildəyəm, bir andayam,
Tövratdayam, Qur'andayam,
İrandayam, Turandayam,
Bu yanda Çində dərvişəm.

Mən sonu üç nöqtəliyəm,
Ol Xudadan diqtəliyəm.
Mən əlifəm, - məddəliyəm,
Aynda, cimdə dərvişəm.

Sirr eviyəm sirr könüldə,
Mən deyiləm bir könüldə,
Səslənirəm hər könüldə,
Hər sarı simdə dərvişəm.

Aşikaram bu əl kimi,
Bilmək istəsən ilkimi,
Qaz bu dünyanin kökünü,
Gör ki, nə himdə dərvişəm.

Əmr olunur yeklənirəm,
Mən nur ilə yüklənirəm.
Hər havada köklənirəm,
Təkdə və cəmdə dərvişəm.

Mən də bu nərd içindəyəm,
Xəzanda zərd içindəyəm,
Olur ki, dərd içindəyəm,
Olur ki, dəmdə dərvişəm.

Gəz o yanan güldə məni,
Soraqla hər dildə məni,
Görməyəndə zildə məni,
Bil ki, ta bəmdə dərvişəm.

Hər ömrün bir anındayam,
Üfüqlərin qanındayam,
Həm pərvanə canındayam,
Həm də ki, şəmdə dərvişəm.

O dağdakı duman da mən,
Bu candakı güman da mən,
Ürək yanan zamanda mən
Gözdəki nəmdə dərvişəm.

Cismimə kainat dolur,
Yaz gül açır, payız solur.
Hər görən göz agah olub,
Bilirmi, kimdə dərvişəm?

Sanma ki, mən günahdayam,
Ümiddəyəm, pənahdayam,
Bu gündəyəm, sabahdayam,
Həm də dünəndə dərvişəm.

Bu məndə mən, o səndə mən,
Çətində mən, asanda mən,
Kim nə bilir, susanda mən, -
Axı dinəndə dərvişəm.

Həm padşaham, həm vəzirəm,
Harda desən, müntəzirəm,
Divanələrtək gəzirəm,
Amma danəndə dərvişəm.

Zamansız eşqə dairəm,
Və ilaxir və sairəm...
Məni desən ki, şairəm,
Denən ki, həm də dərvişəm.

♥♥♥
Torpaq qəbir kimi damıram, Allah!
Qorxuram, özümü danıram, Allah!
Neyləyim, yuxalıq xamıram, Allah,
Yenidən yoğrulmaq istəyirəm mən,
Təzədən doğulmaq istəyirəm mən!

İlahi, ərköyün balanam mən də,
Qəzəbi zəhərli ilanam mən də,
Bu yalan dünyada yalanam mən də,
Düzlənib, doğrulmaq istəyirəm mən,
Təzədən doğulmaq istəyirəm mən!

Ümmanam, yaziğim gəlir göllərə,
Buluddan yük olub qoçaq yellərə,
Bağrı cadar-cadar yanan çöllərə
Səpilib dağılmaq istəyirəm mən,
Təzədən doğulmaq istəyirəm mən!

Sən - Dərgah, mən - Sənə əl açan, ana!
Sən mənə hiss, duyğu, həyəcan, ana!
Əriyib, xırdalıb, ana, can ana,
Bətninə yığılmaq istəyirəm mən,
Təzədən doğulmaq istəyirəm mən!

Dilbər, hara baxır, hara gözlərin? -
Çəkir ürəyimi dara gözlərin.
Dərin dəryasında qara gözlərin
Bataraq, boğulmaq istəyirəm mən,
Təzədən doğulmaq istəyirəm mən!

Ömrümdə cavabsız niyələr min-min,
Niyələrdə sapsız tiyələr min-min.
Təpə taleyinə yiyələr min-min,
Ən uca dağ olmaq istəyirəm mən,
Təzədən doğulmaq istəyirəm mən!

Gah xeyir olsam da, gah şər olsam da,
Günəş olmasam da, məş'əl olsam da,
Əcəl azarından, - bəşər olsam da,
Biryolluq sağalmaq istəyirəm mən,
Təzədən doğulmaq istəyirəm mən.

♥♥♥
Geyib dərviş paltarı, dolanmışam cahanı,
Elə yol varmı mənim görməz olsun izimi?
Çox ağrılar, əzablar dartıb cırıb yaxamı,
Bircə bulaq önündə qatlamışam dizimi.

Ey dünyanın çirkabı, durub üstümə cumma!
Ürəyimi yumuşam məhəbbət yağışında.
Mən saman tayasında iynə taparam, amma
Özümü itirərəm bir gülün baxışında...

Ey zülfündən üzümə cənnət yeli əsən yar,
Gözlərində dirilik çeşmələri qaynayır.
Rüsvayi-Eşq olmuşam, ey səbrimi kəsən yar,
Ruhumun göylərində şümşürüklər oynayır.

İnsafının zülmünə qısılmağa gəlmişəm,
Eşqin dar ağacindan asilmağa gəlmişəm.

♥♥♥
Kipriklər gözümə çəpər,
Göz yaşı gözümü öpər,
Əsən yellər Səndən xəbər
Gətirməz bizim tərəfə.

Sorma halımı, dardayam,
Bəlkə də son bahardayam.
Bilsəydim, özüm hardayam,
Gedərdim özüm tərəfə.

Haqqın qəsdi-qərəzidi,
Söz canımın mərəzidi.
Ömrüm daşdı, tərəzidi,
Əyirəm sözüm tərəfə.

Bir əkdiyim min olmasa,
Məhəbbətim din olmasa,
Yuxularım çin olmasa,
Babalı yozum tərəfə.

♥♥♥
Bu sərçə dən gəzir, nədi?
Dolanır otlar içində.
Biz hərəmiz bir sərçəyik,
Yanırıq odlar içində.

Olan oldu, keçən keçdi,
Əcəl şərbətini içdi,
Doğmalar dünyadan köçdü,
Qalmışıq yadlar işində.

Olmaz bir nəfi, xeyiri,
Tanrı dərd verib şeiri.
Bu dünyanın bir şairi
Görünməz şadlar içində.

♥♥♥
Dünyaya mən bəxtiqara gəlmişəm,
Bu bəxtin əlindən zara gəlmişəm.
Səni yar bilmişəm, yara gəlmişəm,
Məni qəbul eylə, ay üzüdönmüş.

Mən dəniz olsaydım, ləpələnərdim,
Həsrət tozlarına səpələnərdim.
Sığışmır cahana Sənsizlik dərdim,
Məni qəbul eylə, ay üzüdönmüş.

Həsrətəm, nisgiləm, dərdəm, ağrıyam,
Yetim lalələrin yanıq bağrıyam.
Sən mənim qibləmsən, Sənə doğruyam,
Məni qəbul eylə, ay üzüdönmüş.

Bir qaranquş idim, uçdum uzağa,
Düşdüm uzaqlarda qara, sazağa.
Dönmüşəm qəlbində yuva qurmağa,
Məni qəbul eylə, ay üzüdönmüş.

Can quşu qırılmış budağın altda,
Tərpətmə, ümman var bu dağın altda...
Ölmək istəyirəm ayağın altda,
Məni qəbul eylə, ay üzüdönmüş.

♥♥♥
Qəlbimdə ahu zar, dilimdə giley,
Gülünə qar yağmış bahar kimiyəm.
Dünya ağacdısa, insan bardısa,
Zəqqum ağacında bəhər kimiyəm.

Hicran bir tənəkdi, dərd salxım-salxım,
Qoymur, bir dikəlim, ayağa qalxım.
Ürəkdə köklənib, böyüyüb, qalxıb,
Boğazda komlanan qəhər kimiyəm.

Ruhuma min yerdən min tor atılmış,
Fikirdən qaşlarım böylə çatılmış.
Üfüq qızaranda Günü tutulmuş,
Ömrü gecə olmuş səhər kimiyəm.

Dünya gözlərimdə zülmət bir diyar,
Üzülüb əlimdən gedir ixtiyar.
Gəl çıx, ey vüsalı baldan şirin yar,
Həsrət acısından zəhər kimiyəm.

♥♥♥
Sənsiz bu dünyada, a zülfü Leyli,
Bir tapanda iki itirənəm mən.
Ruhumda ömrümtək, günümtək qara
Həsrət çiçəkləri bitirənəm mən.

Əvvəldən soraq yox, qalmayıb axır,
Könlüm qana dönüb, gözümdən axır.
Harda ildırım var, başıma şaxır,
Elə bil, ildırımötürənəm mən.

Arı pətəyitək bağrı şan-şanam,
Fələk nə ox atsa, ona nişanam.
Yerini xəbər ver, a küskün sonam,
Əlimi əlinə yetirənəm mən.

Bu Eşqə şahiddi Ərş ulduzları,
Əridək aradan bu sal buzları.
Sənin qədəminə qonan tozları
Əyilib, çeşmimlə götürənəm mən.

♥♥♥
Dağların bağrından sıyrılıb çıxan
Tüstü qiyafəli duman mənimdi.
Bulud daldasında Günəş kimisən,
Bir qəfil görüşə güman mənimdi.

Görsən bir kor bülbül eyləyir çilə,
Sən mənim adımı tez gətir dilə.
Könlüm kor bülbüllər uçurdur hələ,
O nalə, o fəryad, aman mənimdi.

Tanrım harda qoyub ömür həddimi,
Bilmirəm, gedirəm qırıb səddimi.
Atdiğın tərs oxlar əyib qəddimi,
Səcdədə yeriyən kaman mənimdi.

Bağrımın bir yeri min yerdən deşik,
Bilmirəm qəbirdi, bilmirəm beşik.
Şükür, ikiliyi bir eyləmişik,
Bu həsrət Sənindi, bu can mənimdi.

♥♥♥
Dolanmır başıma dünyada heç kim,
Dünyada heç kimin piri deyiləm.
Bu dünya adlanan qara yazının
Zəbəri deyiləm, ziri deyiləm.

Şeytan libasina bürünmürəm mən,
Dünyanın əmrinə sürünmürəm mən.
Heç kimin gözünə görünmürəm mən,
Heç kimin gözünün tiri deyiləm.

Ötərgi zamandan, vaxtdan ölmüşəm,
Bu vurdan, bu böldən, çıxdan ölmüşəm.
Bu zalım dünyaya çoxdan ölmüşəm,
Bu zalım dünyaya diri deyiləm.

Nə kaman kar verir, nə kar verir ox,
Burda hər bir varın sonunda bir yox.
Mən öz Allahımdan çox razıyam, çox,
Hamının, hər kəsin biri deyiləm.

♥♥♥
Payız gecəsinin həzin soyuğu
Fikrimə xatirə calamaqdadir.
Həsrətin nisgili, alagözlü yar,
Könlümü odlara qalamaqdadır.

Bir quru səhrayam, bir yanıq çöləm.
Çəkir karvanını üstümə ələm.
Qarşımda ağ varaq, əlimdə qələm,
Gözlərim üzümü sulamaqdadır.

Sənsiz keçən hər an bir dağdan ağir,
Mən dağlar altında can verən fağır.
Üzümdən-gözümdən səfillik yağır,
Kim ğörür, başını bulamaqdadır.

Ayrılıq sıldırım qarlı dağ kimi,
Nə ölü kimiyəm, nə də sağ kimi.
Başını itirmiş yalquzaq kimi
Ruhum ulduzlara ulamaqdadır.

♥♥♥
Eşqin ürəyimin əlindən tutub,
Qapına gətirir, qovursan niyə?
Məni cəhənnəmə atıb, ey sənəm,
Yandırıb, yaxarıb, sovursan niyə?

Dərdlər aman vermir, görüm dəmimi,
Səndən gözləyirəm can məlhəmimi.
Biçib dən diləkli yaşıl zəmimi,
Bu Eşqi beşikdə boğursan niyə?

Sən mənim qəlbimə olanda qənim,
Payızın çənini küsdürür çənim.
Tanrım nişan verib, butamsan mənim,
Günahı boynuna yığırsan niyə?

Daşlari çəkdiyim ah mum eyləyib,
Anlarsan halımı təxmin eyləyib.
Sənin hicrin məni mağmın eyləyib,
Görənlər deyirlər, fağırsan niyə?

♥♥♥
Qədəminə güllərini sərməyən
Baharları qışa qalsın deyirəm.
O gözlərdə İlahini görməyən
Gözlər kordu, yaşa qalsın deyirəm.

Rəsmin ilə söyünməyən bir ürək,
İsmin ilə öyünməyən bir ürək,
Eşqin ilə döyünməyən bir ürək
Soyuq qara daşa qalsın deyirəm.

Mən Tanrının sınağından keçmişəm,
Bu Eşq üçün min bir badə seçmişəm,
Min badəni ürəyimə içmişəm,
Bir badə də başa qalsın deyirəm.

Qədəmlərin yaz gətirən qədəmdi,
Hara dəysə, ora mənə Ədəmdi.
Sən adlı yar gözlərimdə didəmdi,
Sənsiz aləm boşa qalsın deyirəm.

♥♥♥
Sənin kimi gül nəfəsli bir gözəl,
Qoyarammı, özgəsinə yar olsun?
Biz ayrılsaq, şaxta vursun cahanı,
Həyat sönsün, yerlər-göylər qar olsun!

Sıra-sıra dağlar bitir düzümdən,
Sel daşqını dərə salır üzümdən.
Biz ayrılsaq, təbiətin gözündən
Gülüş getsin, qara qanlar car olsun!

İnanmıram, Sensiz ola sabahım,
Əgər olsa, o sabaha kor baxım!
Alagözlüm, kərəm qılsın Allahım,
Bu sevdanın barı şirin bar olsun!

Kimlər Eşqi oyun bilib, oynadı,
O kəslərə cəhənnəmlər qaynadı.
Eşq insanın imanına aynadı,
Eşqə xain kəsilənə ar olsun!

♥♥♥
Hicran xəncəriylə doğrayıb məni,
Canavar dərdələrə pay etmə, zalım!
Eşqinlə qəddimi düzəltmişəm mən,
Əyib, bir əcaib yay etmə, zalım!

Gizlətmə gözümdən gül camalını,
Hüsnündən aliram mən kamalımı.
Aşiq əhvalımı, dərviş halımı
Pozub, qarışdırıb, zay etmə, zalım!

Oxudum Qur'anı Sənin üzündən,
Meylim Haqqa döndü, getdim özümdən.
Bağrımın qanını töküb gözümdən,
Dünya dərəsinə çay etmə, zalım!

Eşq bir Allahdı, könül bəndədi,
Eşqə biganə kəs dindən gendədi.
Mən Haqq Aşiqiyəm, Haqqım Səndədi,
Məni hər yetənə tay etmə, zalım!

♥♥♥
Bir divan var, o da Allah divanı,
Bəndə olan hər divana baxmasin.
Nur axtarsın hər adamda Tanrıdan,
Dərviş olsun, şöhrət-şana baxmasın.

Kimdi deyən Qadir Allah gendədi?!
O bir Allah onda, səndə, məndədi.
O bəndə ki, Haqqa xalis bəndədi,
Qeyri rəmzə, yad nişana baxmasin.

Burda sözüm gəlir Eşqi danana,
Eşq Allahdı, Nuru düşür qanana.
Aşiq gərək şirin canı canana
Qurban versin, bir də cana baxmasın.

Hər insana bir əvvəl var, bir axır,
Xoşbəxt odur, ürəyindən Nur axır.
Sənəm, kim ki, o gözlərə kor baxir,
Gözü çıxsın, bu cahana baxmasın!

♥♥♥
Gecəni geydim əynimə,
Gecə libasımdı mənim.
Gecə matəm paltarıdı,
Neyləyim, yasımdı mənim...

Dörd tərəfim daş divardı,
Gözlərim kordu tüstümə,
Daşa çırpılıb, üstümə
Qayıdan səsimdi mənim.

O saçları süsən-sünbül
Gedəndən gözlərim gül-gül
Qan ağlar, mən yetim bülbül,
Dünya qəfəsimdi mənim.

Demirəm, kimsə ağlasın,
Qara geyib, yas saxlasın.
Gözlərimi o yar gəlib
Bağlasın, bəsimdi mənim.

♥♥♥
Bu gecədə bir kor bülbül
Xısın-xısın oxuyur.
Bilməm, dua pıçıldayır,
Yoxsa 'Yasin' oxuyur.

Dünənindən əli çıxıb,
Ümidi yox sabahına.
Dərdlərini qabağına
Yığıb çin-çin, oxuyur.

Bu kor bülbül əsrlərin
Sükutundan qışqırır,
İçin-için hıçqırır,
İçin-için oxuyur.

Kim yığacaq bir qalaya
Bu yetim qara daşları?
Allah, Allah, göz yaşları
Necə həzin oxuyur...

♥♥♥
Nə bir ev var, nə bir eşik,
Bu tərəfdən də qar yağır.
Bağrım şan-şan, deşik-deşik,
Bu tərəfdən də qar yağır.

Sanma, hər adam insandı,
Çoxlar bu ada nöqsandı.
Gözlərimdəki leysandı,
Bu tərəfdən də qar yağır.

Nəfsi şeytana şikardı,
Bu dünya Allaha kardı,
Bu tərəfə güman vardı,
Bu tərəfdən də qar yağır.

Dərd getdiyim yolu döyür,
Sağı döyür, solu döyür.
Bu tərəfdən dolu döyür,
Bu tərəfdən də qar yağır...

♥♥♥
Fırtınayla qurşaq tutan
Qayığımdı, alagözlüm.
Qalan sərxoşumdu, batan
Ayığımdı, alagözlüm.

Donur gözümün gölləri,
Solur sözümün gülləri,
Bu dünyanın dərd çölləri
Oyuğumdu, alagözlüm.

Pətəyimdən bal üzülür,
Ətəyimdən əl üzülür,
Bu səhrada əl-üzümün
Suyu qumdu, alagözlüm.

Oturmadım bar altında,
Özüm yoxam qaraltımda.
Önrüm qalıb qar altında,
Soyuğumdu, alagözlüm...

♥♥♥
Üç sözümün ikisi yar,
Üçüncü də yar olacaq.
Nə qədər ki, bu canım var,
Yar dilimdə var olacaq.

Yardı məni şad eləyən,
Könlümü abad eləyən.
Məni yara yad eləyən
Axır özü xar olacaq.

Eşq ilə bilinir miqdar,
Mən Eşqin dininə dindar.
Qəmini çəkdiyim dildar
Qəmimə qəmxar olacaq.

Kərəmiyəm mən Əslimin,
Cənnətçiçək nəfəslimin.
Bu qara qar qış fəslinin
Son ucu bahar olacaq.

♥♥♥
Göydən yerə həsrət yağır
Bəyaz-bəyaz qar şəklində.
Ürəyimdə alovlar var
Qızıl-qızıl nar şəklində.

Məst olub şəhla qözündən,
Yar dedim, getdim özümdən,
Ürəyimə Qeyb üzündən
İşıq gəldi var şəklində.

Ruhum Məcnun, könlüm Kərəm,
Eşq olub hər bəndim-bərəm.
Bu həsrəti çiçəklərəm
Şirin-şirin bar şəklində.

Bu yolun birdir dönəmi,
Yadlara sirdir dönəmi,
Mən görürəm Sən Sənəmi
Bir vəfalı yar şəklində...

♥♥♥
Həsrətindən ağlayaram,
Dünyanı su alanacan.
Səhraların yanğıları
Dərya-dərya dolanacan.

Dövran-dövran, zaman-zaman
Eyləyərəm mən dad-aman.
İtiyi itmiş adamam
Vüsalını bulanacan.

Özümü Səndən gizlərəm,
Hər addımını izlərəm.
Səndə Sən olub, gözlərəm
Sən məndə mən olanacan.

Canımdakı ahdan suyam,
Gahdan odam, gahdan suyam.
Mən bir Sevda yolçusuyam
Can çiçəyim solanacan.

♥♥♥
Yellər istər gecərəngi
Tellərinə daraq olsun.
Mən istərəm, bütün yellər
Tellərindən iraq olsun.

Duyğulandım, qələm tutdum,
Gəlsin sözün göyçəkləri.
Çiçəklərin ləçəkləri
Əllərimdə varaq olsun.

Olub qara xəzan yeli,
Ömrün üstünə əsmərəm.
Mən ölməyə tələsmərəm,
Səndən bir xoş soraq olsun.

Bəşər uyur nöqsanlara,
Dünya boyanır qanlara.
Bütün sevən insanlara
Haqqın Nuru çıraq olsun.

♥♥♥
Mən köçəri quş deyiləm,
Bu sevdadan köçəm gedəm.
Gərək Eşqin dəryasını
Qədəh-qədəh içəm gedəm.

Ey cahanın yek dilbəri,
Ey dilimin tək əzbəri,
Gözlərinin aləmləri
Qoymur məni keçəm gedəm.

Yer də, Göy də Eşqə dirək,
Eşqi Allah bilir ürək.
Mən Səninlə Eşqə gərək
Nur qalası tikəm gedəm.

Bülbüllər gülşən Aşiqi,
Mənim könlüm Sən Aşiqi.
Tanrım qoymaz, mən Aşiqi
Dünyadan bəxti kəm gedəm.

♥♥♥
Bir qara yel çiçəklərin
Nəfəsini içib gedir.
Hər kəpənək öz ömrünə
Bir ayrılıq seçib gedir.

Bu dəryadı, bu da gəmi,
Oda düşür suda gəmi.
Vaxtın hökmü zəmi-zəmi
Nəsilləri biçib gedir.

Dünya yaslı-yasalıdı,
Ömür zəhər kasalıdı,
İnsan bir quş misalıdı,
Uçub gəlir, köçüb gedir.

Bu burulğan suyu burur,
Qəmə dönür hər bir sürur.
Bu dünya ölümdə durur,
Eşq ölümü keçib gedir...


 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!