Qubadli rayon İcra Hakimiyyətinin saytı istifadayə verildi. http://qubadli-ih.gov.az ve yeni saytım http://www.Qubadli.biz " Yük altından öz çiynini qaçıranda böyüklər, Balaların çiyninə yük düşürmüş sən demə...!"

nəfər QUBADLI saytına baxır :)
********ANA YURDUM -=Q.U.B.A.D.L.I=- *******
 
 
  На главную
 


♥♥♥
Bir gül üzlü yar üçün oldum cahan avarəsi,
Qaldı Məcnun könlümün hər səhrada bir parəsi.

Hər gecə gözlərimi asimanə bənd eylərəm,
Gözlərəm, ey kaş, çıxa bəxtimin sitarəsi.

Ömrümə Gün doğmadı, olmadı rövşən günüm,
Zindan içrə çeşmimin düşdü nurdan qarəsi.

Ey cahandan baxəbər, söylə fəsli-yazdımı? -
Açmada yüz qan gülü bağrımın hər yarəsi.

Sən bilən dərddən deyil, ey müalic, məndə dərd,
Qoy məni rahət qalım, yoxdur Eşqin çarəsi.

Hər qünüm bir tazə dərd ömrümə peyvənd edir,
Bitməz ömrüm bitməyincə dərdlərin dübarəsi.

Bilmirəm, Yavər Həsən, hansı səmtə yön tutum,
Düşmüşəm bir dəryaya, yoxdu bir kənarəsi.

♥♥♥
Könlümü səhra edib, dərdləri karvan elədin,
Aşiqi-binəvanı binəva sarvan elədin.

Mən Sənin Eşqin ilə səbrü qərar tapmış idim,
Neyçün, ey zülfü siyah, tərsinə dövran elədin?

Qoymadın eynim açılsın baharın gülləritək,
Bağrımı, ey vəfasız, qönçə kimi qan elədin.

Yar idim mən Sənə, zikrimdə Sənin ismin idi,
Nə günahim var idi, Sən məni qurban elədin?

Əzrayıl ömrümə gər gəlsə, peşiman qayıdar,
Yoxdu bu canda canım, canımı bican elədin.

Ney kimi nalə çəkib, tüstü verir canü tənim,
Ömrümü, ey alagöz, vadiyi-hicran elədin.

Hər gecə bir səhərin bətnidi, Allahə sığın,
Bəsdi, ey Yavər Həsən, naləvü əfğan elədin.

♥♥♥
Eşq olan yerdə, könül, var ol, qeyri var istəmə,
Eşqsiz olsam əgər, bir an məni var istəmə.

Eşqdən şirin nübar yoxdu bu aləmdə, canım,
Eşqə ali bağban ol, qeyri bir nübar istəmə.

Dünya mülkünün varı zindana divar kimidi,
Məhbus olma sərvətə, zindana divar istəmə.

Kuyi-yardı niyyətin, fəhm elə, ey ruhi-rəvan,
Getdiyin Nur yoludu, bu yolda qubar istəmə.

Güzgüsündə bir Sənin surətini rəsm eləyir,
Yol çəkən gözlərimi, ey sənəm, qabar istəmə.

Məstəm, ey saqi, ala gözlü yarın Eşqi ilə,
Süzdüyün meylə mənim könlümü xumar istəmə.

Olmasa qəhri qışın, bəlkə də, olmazdı bahar,
Ömrünün Həq yolunu, Yavəra, hamar istəmə.

♥♥♥
Xürrəm etməz könlümü, aləmdə min bir yaz ola,
Xürrəm eylər könlümü, Səndən mənə bir naz ola.

Bir qəfəs bülbülütək şamü səhər nalə çəkir,
Kaş gələ, Səndən xəbər, könlüm quşu pərvaz ola.

Dörd tərəfdən dövrəmi dövrələyib qəm ləşkəri,
Gözləməzdim, mülki-dərddə bir bu qədər sərbaz ola.

Saç ağardı qar kimi, olmadı bir günüm bəyaz,
Gəlməsən, ömrün günü, yoxdur ümid, bəyaz ola.

Hüsnündən nişanə var çöhrəsində tazə Ayın,
Səbr edib, ah etmirəm, bəlkə göylər ayaz ola.

Aşiq ümman qəvvasıdı, inləmə neylər kimi,
İstəməm, mən düşdüyüm dərya, ey dil, dayaz ola.

Könlümü gültək açar ol sənəmin bir nəzəri,
Nola, ey Yavər Həsən, Haqdan bir xoş niyaz ola...



♥♥♥
Mən sevən şux nigarın Səndədir məzarı, sənəm!
Ol səbəbdən Sənədir ruhumun güzarı, sənəm!

Yaz gəlib, güllər açıb, aləm ənbərəfşan olub,
Bülbüləm, - gözləri kor, görmürəm gülzarı, sənəm!

Gündüzüm saçlarının rəngi kimi qarə gecə,
Mən fağır balıq nitqi, ruhum edir zarı, sənəm!

Kordur aləm bu kəsə, bir kəsi yoxdur bu kəsin,
Ölsə, kim ağlayacaq bu candan bezarı, sənəm?!

Əqli xəmdir bu kəsə tə'nə edən kimsələrin,
Kim Birin Aşiqidi, puç sanır həzarı, sənəm!

Bəndə hökmündə deyil bu bəxti qəranın işi,
Açsa, Allahım açar bu bağlı bazarı, sənəm!

Mən Sənin Eşqin ilə xəstəcan Yavər Həsənəm,
Etməsin məndən uzaq Xudam bu azarı, sənəm!



♥♥♥
Qoy bu könül qan ağlasın, Sən ona bir nəzər qılma,
Qoy hicrinə can tapşırım, mən tərəfə güzər qılma.

Sənsiz dünya dərd yüküdü, yükləmişəm kürəyimə,
Ağrıları ürəyimə göndər çəkim, həzər qılma.

Dərmanımdı Sən verən dərd, zamanında ver dərdimi,
Gecikdirib, bir dərdimi səd eyləmə, həzar qılma.

Ey Allahım, istəmirəm dünyanın beş gün nurunu,
Söndürüb Eşqin Nurunu, can evimi məzar qılma.

Eşqin vüsal günləri var, min bir bahardan artıqdı,
Rəbbim Allah, gözlərimi yollarda intizar qılma.

Dərdi verən əvvəl-axır dərmanı da verər sənə,
Ey dil, inləmə ney kimi, bülbültək ahu zar qılma.

Qəvvası ol bu dəryanın, Yavər Həsən, incilər bul,
Göz yaşıyla mən Aşiqi şirin candan bezar qılma.

♥♥♥
Nə qədər nalə çəkim, mən nə qədər dad eləyim?
Necə, viranə könül, mən səni abad eləyim?

Baxma mə'yus mənə, ey can, yaralı durna kimi,
Mən həyatdan bezaram, gəl səni azad eləyim.

Çıxma, ey ah, bu canımdan, qəmim aşkar eləmə,
Məgər insafdımı, mən düşmənimi şad eləyim?

Dəhr zalım, o qədər zülm eləyibsən ki mənə,
Qorxum ondandı, səni ah ilə bərbad eləyim.

Şan-şan olmuş sinəm, ey ney, səsini ver sükuta,
Hicr ilə dilzədəyəm, indi mən fəryad eləyim.

Getdin, ey yar, bu günümdən, Səni bir görmək üçün,
Bir əlac var ki, keçən günlərimi yad eləyim.

Sən şikar olmusan, ey Yavər Həsən, bir gözələ,
Hansı bir mö'cüzə ilə səni səyyad eləyim?

♥♥♥
Dərdi Eşq dərdidi, təbib bu canə neyləsin?
Gəlməsin aşiq könül Sənsiz fəğanə, neyləsin?

Cümlə aləm gözümdə qupquru bir səhra olub,
Kölgəsiz mənzildə bu mağmın divanə neyləsin?

Od cəhənnəm odudur, yandırır iman əhlini,
Olmasın ağlar bulud çeşmi-pərvanə, neyləsin?

Arı mənzilindəki şan kimidi canü tənim,
Ah ilə bağrıbadaş oldu bu xanə, neyləsin?

Bir bulud yoxdu Göydə, kölgə sala dərd üstünə,
Küfr içindədir bəşər, dövrü zəmanə neyləsin?

Uymuş iblisə bəşər, hər məkanda qan tökülür,
Tanrı mərhəmətlidir, amma bu qanə, neyləsin?

Yağdırma yar üstünə, Yavər Həsən, sualları,
Dünyanın küfrünə bir nazlı cananə neyləsin?

♥♥♥
İxtiyarım, ey alagöz, həsrətinə şikar oldu,
Hər nə qədər gizli qəmim var idi, aşikar oldu.

Bülbül kimi pərgar idi şamü səhər bir Eşq ilə,
Olmazdı lal rəvan dilim, nitqimə dünya kar oldu...

Gözlərindən düşürdü Gün ömrümün hər guşəsinə,
Neyçün məndən getdin, zalım? - Günüm-gündüzüm tar oldu.

Gözlərimin işığını yarpaq-yarpaq tökdü hicrin,
Xoş günlərim, heç bilmirəm, hansı səmtə qatar oldu.

Gündüzlərdən getdi Günəş, Ay çəkildi gecələrdən,
Yatdı bəxtim zülmət içrə, dərdü qəmim bidar oldu.

Dön geri, ey məndən gedən, ey alagöz nazikbədən,
Dünya mənə pəncərəsiz, qapısız bir divar oldu.

Eşqin ali məktəbində mürşid Allah, mürid mənəm,
Dörd kitabım, Yavər Həsən, nur saçan bir didar oldu.

♥♥♥
Qırıqqanad bir qartalam, xəyallarım səmalərdə,
Düşmənim də düşməsin heç mən binəva düşən dərdə.

Gözlərimdən yağmur verir bağrım qanı gülgun-gülgun,
Ərş üzünə bülənd olur ahim yeli pərdə-pərdə.

Hər an mənə badi-səba dünyadan bir xəbər verir,
Yar xəbəri yoxdur hələ hər an gələn bir xəbərdə.

Mən sevdiyim o şux nigar aləmlərin birdənəsi,
Mümkün deyil kimsə ola yar ilə bir bərabərdə.

Çıx canımdan, mürği-ruhim, ünvan elə yar kuyini,
Tanrım uğur versin sənə, bəxtiyar ol xoş güzərdə.

Ey gözlərim, diqqət ilə seyr eyləyin hər bir gülü,
Sevdiyimdən bəlkə nişan gördünüz bir güli-tərdə.

Bir gün gələr köç fərmanı, son nəfəsim çıxar candan,
Yavər Həsən, mən gedərəm, ruhum qalar bu dilbərdə.
 
 
"Hamı   üçün ağıllı  , özüm üçün dəliyəm. Bu gecə dünya tabut, mən gəzəri ölüyəm...!"
Bizdən asılı olmayaraq gedən reklamlara görə ü z r - i s t ə y i r i k !!